AİRO 2026-nın növbəti infosessiyası

AİRO 2026-nın növbəti infosessiyası

AİRO 2026-nın növbəti infosessiyası ASCO-nun dəstəyi ilə “Suraxanı” gəmi-muzeyində keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə və müəllim heyəti, Azerobot Education robototexnika tədris mərkəzi, Bakı Ali Neft Məktəbi, Maestro School tədris mərkəzinin nümayəndələri, eləcə də gənc ixtiraçılar və texnologiyaya maraq göstərən fəallar iştirak ediblər.

Təqdimat zamanı olimpiadanın müxtəlif istiqamətlər üzrə kateqoriyaları, yarış qaydaları, texniki tələblər və qiymətləndirmə meyarları ətraflı şəkildə izah olunub. Həmçinin proqram çərçivəsində ilk dəfə təşkil ediləcək hackathon, eləcə də gənclər arasında böyük maraq doğuran “meqa sumo” və “mini sumo” robot yarışları barədə məlumat verilib.

Tədbir zamanı Azərbaycan Dövlət Dəniz Akademiyasının “ASCO Techno” komandası ilə “Azerobot” Tədris Mərkəzinin komandası arasında robot döyüşü nümayiş etdirilib. İştirakçılar gənclər tərəfindən hazırlanmış innovativ texnologiyaların iş prinsipləri ilə yaxından tanış olublar.

Mentorlar və sahə üzrə mütəxəssislər robototexnika və süni intellekt mövzusunda sualları cavablandıraraq, gəncləri bu sahədə daha fəal olmağa təşviq ediblər.